47.1. Şuranın vəzifələri aşağıdakılardır:
47.1.1. media və yayım sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
47.1.2. media və yayım sahəsində normativ xarakterli aktlar qəbul etmək;
47.1.3. audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəricilərini müəyyən etmək;
47.1.4. audiovizual media subyektləri üçün lisenziyalar vermək;
47.1.5. audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar həyata keçirmək;
47.1.6. bu Qanunla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq audiovizual media subyektləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
47.1.7. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsində göstərilən təşkilatlardan Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil etmək;
47.1.8. yerüstü yayımın radiotezlik planlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə həyata keçirmək;
47.1.9. xarici audiovizual yayımçının proqramlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq vermək;
47.1.9-1. media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
47.1.9-2. dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
47.1.9-3. jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
47.1.9-4. əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
47.1.9-5. audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
47.1.9-6. cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
47.1.9-7. media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
47.1.9-8. bu Qanunun 47.1.9-3-cü, 47.1.9-5-ci və 47.1.9-7-ci maddələrində nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
47.1.9-9. media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
47.1.9-10. dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
47.1.9-11. dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
47.1.9-12. media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
47.1.9-13. informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
47.1.9-14. mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
47.1.9-15. media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
47.1.9-16. Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
47.1.9-17. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;
47.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Şuranın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
47.1.11. media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
47.1.12. Şuraya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
47.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
47.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
47.1.15. Şuranın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
47.1.16. Şuranın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
47.1.17. bu Qanundan irəli gələn digər vəzifələri yerinə yetirmək.
47.2. Öz vəzifələrini yerinə yetirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:
47.2.1. media və yayım sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
47.2.2. media və yayım sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
47.2.3. media və yayım sahəsi üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
47.2.3-1. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
47.2.3-2. media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
47.2.3-3. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş vermək;
47.2.3-4. fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
47.2.3-5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
47.2.4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
47.2.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
47.2.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
47.2.6-1. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
47.2.6-2. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
47.2.6-3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
47.2.6-4. strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;
47.2.7. bu Qanundan irəli gələn digər hüquqları həyata keçirmək.