54.1. Müsabiqə üzrə müraciətlər qiymətləndirilərkən aşağıdakılar nəzərə alınır:
54.1.1. ərizəçinin texniki imkanları və iqtisadi əsaslandırması;
54.1.2. mövcud media subyektlərinə lisenziya verilərkən ərizəçinin müsabiqə nəticəsində əldə edəcəyi lisenziya üzrə fəaliyyətinin Azərbaycan Respublikasının Rəqabət Məcəlləsindən irəli gələn tələblərə uyğunluğu.
54.2. Şura tərəfindən müsabiqənin qalibinə lisenziyanın verilməsi barədə qərar qəbul edilir və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Müsabiqənin qalibinə Şura tərəfindən lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir. Ərizəçi bu məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəməlidir.
54.3. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 54.2-ci maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.
54.4. Müsabiqənin nəticələrinə görə qalib elan edilən yerüstü yayımçı infrastruktur operatoru ilə müqavilə bağlayır. İnfrastruktur operatoru bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.5. Müsabiqənin nəticələrinə görə qalib elan edilən peyk yayımı həyata keçirən platforma yayımçısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə müqavilə bağlayır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.6. Müsabiqənin nəticələrinə görə qalib elan edilən multipleks operatoru müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə müqavilə bağlayır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.