59.1. Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
59.3. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir.
59.4. Qəzetlər aşağıdakı dövriliklə çap olunur:
59.4.1. həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə;
59.4.2. günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə;
59.4.3. gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə.
59.5. Məzmununa görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
59.5.1. ictimai-siyasi qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial və iqtisadi mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet;
59.5.2. tematik qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi yalnız bir sahənin işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet.
59.6. Ərazi kateqoriyasına görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
59.6.1. ümumölkə – bir media subyekti tərəfindən eyni adla çap edilən və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə yayımlanan qəzet;
59.6.2. regional – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilən və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanan qəzet.
59.7. Aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur:
59.7.1. 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
59.7.2. 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
59.7.3. 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
59.8. İldə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.