Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 58

Maddə 58. Lisenziyanın ləğvi, yenidən rəsmiləşdirilməsi və dublikatının verilməsi

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

58.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

58.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

58.1.2. bu Qanunun 26-cı maddəsinin tələbləri pozulduqda;

58.1.3. lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;

58.1.4. məhkəmənin müvafiq qərarı olduqda;

58.1.5. lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;

58.1.6. lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;

58.1.7. bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində nəzərdə tutulmuş hallar bu Qanunun 57.3-cü maddəsinə uyğun olaraq aradan qaldırılmadıqda;

58.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;

58.1.9. yayım lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə;

58.1.10. lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasına riayət edilmədikdə;

58.1.11. bu Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yayımın Şuranın qərarı ilə dayandırıldığı hallar istisna olmaqla, yayım ardıcıl olaraq 30 (otuz) gün və ya bir il ərzində 60 (altmış) gün həyata keçirilmədikdə;

58.1.12. lisenziya sahibi bir il müddətində azı beş dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə;

58.1.13. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 54.2-ci və 55.6-cı maddələrində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə.

58.2. Lisenziya bu Qanunun 58.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 58.1.4-cü maddəsi istisna olmaqla) istinad edilməklə, Şuranın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

58.4. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatların yayılması lisenziya sahibi olan yayımçı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, lisenziya Şuranın iddia ərizəsi əsasında məhkəmənin qərarı ilə ləğv edilir.

58.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və 24-cü maddələrinə uyğun olaraq həyata keçirilir.

58.6. Radiotezlik istifadəçisi olan audiovizual media subyektinə lisenziya verildikdə, yenidən rəsmiləşdirildikdə, ləğv edildikdə və lisenziyanın dublikatının verilməsi halında Şura bu barədə qərarın qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) və infrastruktur operatorunu məlumatlandırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver