Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Mediatorun hüquq və vəzifələri

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Mediatorun aşağıdakı hüquqları vardır:

12.1.1. öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;

12.1.2. tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;

12.1.3. mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;

12.1.4. konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;

12.1.5. nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;

12.1.6. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

12.2. Mediatorun aşağıdakı vəzifələri vardır:

12.2.1. bu Qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək;

12.2.2. iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;

12.2.3. mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;

12.2.4. mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;

12.2.5. mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;

12.2.6. bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl etmək;

12.2.7. Mediasiya Şurası tərəfindən bu Qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;

12.2.8. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

12.3. Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə və ya mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində və ya arbitraj icraatında tərəflərdən hər hansı birini təmsil edə və arbitr qismində çıxış edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver