Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Mediasiya təşkilatı

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

11.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər.

11.3. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

11.3.1. ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;

11.3.2. mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır;

11.3.3. istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır;

11.3.4. bu Qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda, müvafiq müddətin keçməsi gözlənilməlidir.

11.4. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır:

11.4.1. mediasiya təşkilatı tərəfindən ərizə təqdim edildikdə (o cümlədən mediasiya təşkilatının hüquqi şəxs kimi fəaliyyəti dayandırıldığı halda);

11.4.2. bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə (pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə).

11.5. Mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır:

11.5.1. mediasiya təşkilatı tərəfindən müvafiq ərizə təqdim edildikdə;

11.5.2. mediasiya təşkilatı ləğv edildikdə;

11.5.3. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması ilə bağlı məhkəmənin müvafiq qərarı olduqda;

11.5.4. Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədilə təqdim etdiyi sənədlərdə və məlumatlarda sonradan bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;

11.5.5. mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə;

11.5.6. bu Qanunun 19.3-cü maddəsinə uyğun olaraq üzvlük haqqını il ərzində altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

11.6. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması Mediasiya Şurasının qərarı ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediasiya təşkilatı barəsində mediasiya reyestrində müvafiq qeydlər aparılır.

11.7. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına əsas olmuş bu Qanunun 11.4.2-ci maddəsində göstərilmiş hallar aradan qalxdıqda mediasiya təşkilatının bu Qanunun 11.5.5-ci maddəsində müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında Mediasiya Şurası tərəfindən onun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətində qərar qəbul olunur.

11.8. Mediasiya Şurasının üzvlüyündən bu Qanunun 11.5.4-cü və 11.5.6-cı maddələrinə əsasən çıxarılmış hüquqi şəxs və ya həmin hüquqi şəxsin təsisçisinin təsis etdiyi digər hüquqi şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver