Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Mediasiya Şurasının funksiyaları

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir:

20.1.1. mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir;

20.1.2. mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir;

20.1.3. mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür;

20.1.4. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır;

20.1.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır;

20.1.6. mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir;

20.1.7. mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir;

20.1.8. üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür;

20.1.9. mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir;

20.1.10. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır;

20.1.11. mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir;

20.1.12. mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir;

20.1.13. mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir;

20.1.14. intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir;

20.1.15. mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır;

20.1.15-1. mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görür;

20.1.16. bu Qanunla və nizamnaməsi ilə müəyyən olunmuş digər funksiyaları həyata keçirir.

20.2. Mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu Mediasiya Şurasının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver