Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

21.2. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər.

21.3. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması təşəbbüsü ilə tərəflər və ya onlardan biri çıxış edə bilər. Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda isə müvafiq orqanlar (qurumlar) tərəflərə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər.

21.4. Bu Qanunla müəyyən edilmiş qaydada “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması məhkəmədə tərəflər arasında baxılan mülki, ailə, əmək, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə icraatın dayandırılmasına səbəb olur.

21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

21.6. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır.

21.8. Mediator (mediasiya təşkilatı) bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 (beş) gün əvvəl təqdim edilməlidir.

21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır:

21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə;

21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver