26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:
26.1.1. nikahın davam etdirilməsi şərtləri;
26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;
26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər.
26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır.
26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.
26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur.
26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
26.7. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 26.6-cı maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.