Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə şuranın sədrinin və yaxud onu təyin etmiş (seçmiş) orqanın müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurasının qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

10.1.1. öz arzusu ilə Məhkəmə-Hüquq Şurası üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

10.1.2. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

10.1.3. Məhkəmə-Hüquq Şurası üzvünün bu qanunun 6.4-cü və 7-ci maddələrinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;

10.1.4. Məhkəmə-Hüquq Şurasında müəyyən məhkəmə instansiyasını təmsil edən hakim digər məhkəmə instansiyasına işə keçirildikdə;

10.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

10.1.6. vəfat etdikdə;

10.1.7. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

10.1.8. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;

10.1.9. üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində üzrsüz səbəbdən altı dəfə Məhkəmə-Hüquq Şurasının iclaslarında iştirak etmədikdə;

10.1.10. bu qanunun 27.2-ci maddəsində göstərilən vəzifələri icra etmədikdə;

10.1.11. Məhkəmə-Hüquq Şurası üzvü adına ləkə gətirən hərəkətə yol verdikdə.

10.2. Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə habelə tutduğu vəzifədən azad edildikdə xitam verilə bilər.

10.3. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Məhkəmə-Hüquq Şurası üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada təyin edilir (seçilir).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver