Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir:

10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə;

10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə;

10.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmasına.

10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir:

10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;

10.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına;

10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına;

10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə;

10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə;

10.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına;

10.2.7. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver