Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar.

5.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

5.4. Şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

5.5. Şəxs bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran (bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.

5.6. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.

5.7. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, əlilliyi və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlidirlər.

5.8. Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

5.8.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

5.8.3. işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

5.9. Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda;

5.9.2. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

5.9.3. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;

5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;

5.9.5. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

5.9.6. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

5.10. Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;

5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.

5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;

5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;

5.11.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

5.11.4. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;

5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;

5.11.6. təhsil müəssisəsinə əyani qəbul olunduqda;

5.11.7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

5.11.8. fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

5.12. Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər;

5.12.2. 15 yaşına çatmayanlar;

5.12.3. təhsil müəssisəsində əyani təhsil alanlar;

5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

5.13. İşsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.

5.14. Bu Qanunun 5.9.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

5.15. Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver