Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Münasib iş

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Şəxs üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

6.2. Münasib iş yerinin şəxsin yaşayış yerindən maksimum uzaqlığı ilə bağlı şərtlər həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.

6.3. İşsizlikdən sığorta ödənişinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş təklif edilməsi mümkün olmayan işsiz şəxslər üçün, onların təhsilini, ixtisasını, səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb etməyən iş də münasib iş sayılır.

6.4. Təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyğun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti iş yerləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır:

6.4.1. 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;

6.4.2. peşə hazırlığından imtina edənlər;

6.4.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) 24 aydan çox qeydiyyatda olanlar.

6.5. İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.

6.6. İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver