Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Məşğulluq sahəsində dövlətin vəzifələri

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.0. Məşğulluq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

8.0.1. məşğulluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;

8.0.2. istehsal qüvvələrinin səmərəli yerləşdirilməsinə, yeni texnologiyaların yaradılmasına, peşə bacarıqlarının inkişaf etdirilməsinə, fərdi qaydada sahibkarlığın və əmək fəaliyyətinin təşkilinə və inkişafına, çevik iş rejiminin tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti tədbirlərinin hazırlanması;

8.0.3. işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanması;

8.0.4. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, əlilliyi (onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hallardan başqa) və ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi;

8.0.5. şəxslərin qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;

8.0.6. əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində şəxslərin öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması;

8.0.7. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərən tədbirlərin görülməsi;

8.0.8. məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;

8.0.9. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi;

8.0.10. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarət sahəsində dövlət orqanlarının, həmkarlar ittifaqlarının, işəgötürənlərin birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;

8.0.11. Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdudlarından kənarda, habelə daxili əmək bazarının qorunması şərti ilə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması;

8.0.12. beynəlxalq əmək normalarına riayət olunması;

8.0.13. qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;

8.0.14. təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması;

8.0.15. işsizlikdən icbari sığortanın tətbiqi;

8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver