Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının dövlət arxiv fondunun sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilərlər.

Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər.

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.

Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.

Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir.

Milli arxiv fondu sənədlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver