70.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır.
70.2. Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.
70.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə, bu Məcəllənin 65.1.1-ci və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı isə bu Məcəllənin 65.1.1-ci və 65.1.6.1-ci maddələrində nəzərdə tutulmuş sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
70.4. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir.
70.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və ya əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş icazəsi almaqla öz yanında işə dəvət edə bilər.
70.6. İşəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır.