Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Əmlak (iqtisadi) hüquqları

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir:

əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);

əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);

əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);

əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);

kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);

əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ);

kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi ( kabellə kütləvi bildiriş hüququ);

əsəri tərcümə etmək (tərcümə hüququ);

əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);

dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.

Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.

3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir.

Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.

4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

5. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver