Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Şəxsi (qeyri-əmlak) hüquqlar

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:

a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);

b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);

v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);

q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);

2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin açıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti və audiovizual əsərlərə münasibətdə bu hissənin birinci bəndinin müddəaları tətbiq olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver