İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.
Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur.
Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlilləri olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur.
Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir.
Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır.
Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir.
Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır.