Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Əmlak inzibatçısının məhkəmə qarşısında hesabatı

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı məhkəməyə öz fəaliyyəti barəsində hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:

a) əmlak inzibatçısının fəaliyyətinə dair hesabat;

b) maliyyə hesabatları, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı;

c) kreditorların tələblərinin ilkin reyestri və əmlak inzibatçısının həmin tələblərə verdiyi dəyərin pulla ifadəsi, habelə ödənilmiş tələblərin məbləğləri;

ç) əmlak inzibatçısına ödənilən haqq və xərclər barəsində məlumat;

d) kreditorların bütün tələbləri ödənildikdən sonra qalan vəsaitdən istifadəyə dair hesabat;

e) borclu müəssisənin müdirinin hər hansı qanuna zidd hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat;

ə) fərdi borcluya dair müəyyən edilməli şərtlər, habelə iflas prosesinin xitamınadək keçməli olan müddət haqqında tövsiyyələr;

f) əmlak inzibatçısının qənaətinə görə, məhkəməyə lazım ola bilən digər məlumat.

2. Əmlak inzibatçısının bu maddənin 1-ci bəndinin “e” yarımbəndində nəzərdə tutulmuş tövsiyələri aşağıdakılardan ibarət ola bilər:

a) borclu öz gəlirinin bir hissəsini əmlak inzibatçısının hesabına köçürməlidir;

b) borclu müəyyən öhdəliklər (alimentlər və s.) üzrə ödənişi tam həyata keçirməlidir.

3. Əmlak inzibatçısı sonrakı hesabatlarını məhkəməyə 2 (iki) aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə təqdim edir.

4. Əmlak inzibatçısının vəsatətinə əsasən bu Qanunun 27-ci maddəsində və bu maddədə nəzərdə tutulmuş 14 günlük müddət məhkəmə tərəfindən ən çoxu bir ayadək uzadıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver