1. İflas haqqında iş üzrə icraatın qurtarması məqsədilə borclu ona ödənişlər üçün möhlət vermək, ödənişləri hissələrə bölmək və borcları güzəşt etmək imkanı verən barışıq sazişi bağlamaq təklifi ilə kreditorlara müraciət edə bilər.
2. Kreditorlar ilə sazişlər iflas prosesinə hansı qaydada başlanıldığından asılı olmayaraq iflas prosesi çərçivəsində bağlana bilər.
3. İflas prosesinə məhkəmənin iştirakı ilə başlanıldıqda əmlak inzibatçısı bu Qanunun 21-ci maddəsinə uyğun olaraq kreditorlarla saziş bağlanması imkanını nəzərdən keçirməli və həmin sazişin onların mənafelərinə uyğun olub-olmaması barədə kreditorlara və məhkəməyə hesabat verməlidir.
4. İflas prosesinə məhkəmənin iştirakı olmadan başlanıldıqda ehtimal olunan əmlak inzibatçısı ilə birlikdə fəaliyyət göstərən müdir kreditorların ilkin və ya hər hansı sonrakı yığıncağında kreditorlar ilə saziş bağlamaq təklifini irəli sürə bilər. Bu halda saziş yalnız bütün kreditorların razılığı əsasında bağlana bilər. Kreditorlardan hətta biri bu sazişlə razılaşmadıqda borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.
5. Barışıq sazişi bağlanarkən büdcəyə vergilər və qeyri-vergi ödənişləri üzrə qalıqların təxirə salınmasına, hissə-hissə ödənilməsinə, cəmləşdirilməsinə, habelə məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə ödənişlərə və artıq alınmış məbləğlərin qaytarılmasına yalnız qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada yol verilir.