Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Kreditorlar ilə barışıq sazişi bağlamaq təklifləri

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kreditorlar ilə sazişin forması bu Qanunla məhdudlaşdırılmır və onun məzmununa aşağıdakı müddəalar daxil edilə bilər:

a) borclu müəssisənin strukturunun və ya borclunun fəaliyyətinin yenidən təşkili üçün əsas götürülən müddəalar;

b) borclunun əmlakının hamısının və ya hər hansı hissəsinin, o cümlədən səhmlərinin satılması və ya verilməsi haqqında müddəalar;

c) hər hansı təşkilati-hüquqi formalı yeni müəssisənin yaradılması haqqında müddəalar;

ç) təminatsız kreditorların tələblərinin hamısının və ya bir hissəsinin birdəfəlik və ya hissə-hissə ödənilməsini nəzərdə tutan müddəalar.

2. Borclu və (və ya) əmlak inzibatçısı (ehtimal olunan əmlak inzibatçısı) kreditorlar ilə saziş bağlamaq təklifini irəli sürmək istədikdə:

a) saziş layihəsinin qəbul olunması üçün kreditorların yığıncağını çağırır;

b) bütün kreditorlara aşağıdakılar göndərilməlidir:

kreditorlar ilə sazişin layihəsi;

maliyyə hesabatı və kreditorlara çatası məbləğlər göstərilməklə bütün kreditorların siyahısı;

kreditorların yığıncağının keçirilməsi vaxtı, tarixi və yeri barəsində bildiriş.

3. Sazişlə əlaqədar kreditorların yığıncağı bu maddənin 2-ci bəndində göstərilmiş sənədlərin kreditorlara göndərildiyi tarixdən etibarən 28 gündən gec olmayaraq, lakin həmin tarixdən 14 gündən tez olmayaraq keçirilməlidir.

4. Kreditorların yığıncağında borclu maliyyə məlumatının kreditorlar üçün tam aşkarlığını təmin etməlidir.

5. Kreditorların sazişlə əlaqədar çağırılmış yığıncağında kreditorlar səsvermə yolu ilə:

a) təklif olunan saziş layihəsini qəbul edə bilərlər və ya;

b) digər sazişin və ya düzəlişlər edilmiş sazişin qəbulunu təklif edə bilərlər və ya;

c) təklif olunan sazişi rədd edə bilərlər.

6. Əgər əmlak inzibatçısının (ehtimal olunan əmlak inzibatçısının) mülahizəsinə görə, düzəlişlər edilmiş saziş onun təklif etdiyi sazişdən mahiyyətcə fərqlənmirsə, onda kreditorlar həmin yığıncaqda düzəlişlər edilmiş saziş barəsində səsvermə keçirə bilərlər. Əgər əmlak inzibatçısının (ehtimal olunan əmlak inzibatçısının) mülahizəsinə görə, düzəlişlər edilmiş saziş təklif olunan sazişdən xeyli fərqlənirsə, onda kreditorlar bu Qanuna uyğun olaraq kreditorların növbəti yığıncağı çağırılanadək düzəlişlər edilmiş saziş barəsində səs verə bilməzlər.

7. Kreditorların sazişlə əlaqədər çağırılmış yığıncağının qərarları bu Qanunun XI fəslində nəzərdə tutulmuş qaydada qəbul edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver