Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Kreditorlar ilə barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kreditorlar ilə hər hansı barışıq sazişi bu fəsilə uyğun olaraq kreditorlar tərəfindən qəbul edildikdən sonra məhkəmə tərəfindən də təsdiq edilməlidir.

2. Əmlak inzibatçısı kreditorlar ilə hər hansı belə sazişin təsdiqi üçün kreditorların sazişlə əlaqədar yığıncağının keçirildiyi gündən etibarən 7 gündən gec olmayaraq məhkəməyə müraciət etməlidir. Məhkəmə bu cür ərizəyə 10 (on) gün müddətində baxır.

3. Bu cür sazişlə mənafelərinə toxunulan şəxs məhkəmədə həmin sazişin təsdiqi barədə ərizəyə baxılması dövründə və ya baxılmazdan əvvəl onun şərtlərinin özü üçün ədalətsiz şərtlər olduğuna əsaslanaraq həmin sazişin dəyişdirilməsi və ya rədd edilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə öz iclasında sazişin təsdiq olunmasına etiraz edən hər bir kreditoru dinləməlidir.

4. Əgər məhkəmə bu fəslin bütün tələblərinin yerinə yetirildiyinə əmin deyildirsə, kreditorlar ilə sazişi təsdiq edə bilməz.

5. Məhkəmə həmin sazişi təsdiq etmədikdə müvafiq qərarında onun (düzəlişlər edilmiş sazişin) kreditorların əlavə yığıncağında müzakirə edilməsinə dair göstəriş verə bilər.

6. Kreditorlar ilə saziş onların yığıncağında qəbul olunduqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra yığıncaq haqqında bildiriş almış bütün kreditorların həmin sazişi qəbul edib-etməməsindən, habelə kreditorların yığıncağında iştirak edib-etməməsindən asılı olmayaraq onlar üçün məcburi qüvvəyə malik olur.

7. Əmlak inzibatçısı sazişin icrasına nəzarət edir. Bununla yanaşı, əmlak inzibatçısı sazişin şərtlərini nəzərə almaqla nəzarət səlahiyyətlərini lazım bildikdə başqa şəxslərə, o cümlədən borclunun müdirinə verə bilər.

8. Kreditorlar ilə sazişə görə əmlak inzibatçısının sazişdə nəzərdə tutulmuş məbləğdə haqqını borclu ödəyir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver