4.0. Narkoloji xidmət və nəzarət sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardan ibarətdir:
4.0.1. narkoloji xidmətin və nəzarətin həyata keçirilməsi zamanı narkoloji xəstələrin narkoloji xəstəliklə əlaqədar təqib edilməsinin istisna edilməsi;
4.0.2. narkoloji xəstəliklərin yayılmasının, onların doğurduğu mənfi tibbi və sosial nəticələrin qarşısının alınması;
4.0.3. insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsinin zərərli nəticələri barədə əhalinin məlumatlandırılması;
4.0.4. narkoloji xəstəliklərin vaxtında aşkar və müalicə edilməsi yolu ilə onların qarşısının alınması;
4.0.5. narkoloji xəstələrin maddi vəziyyətindən asılı olmayaraq onların narkoloji yardım almaq hüququnun təmin edilməsi;
4.0.6. narkoloji xəstələr və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslər tərəfindən hüquq pozuntularının törədilməsi hallarının qarşısının alınması və profilaktikası;
4.0.7. narkoloji xəstələrin və onların ailə üzvlərinin hüquqlarının təmin edilməsi;
4.0.8. insan psixikasına təsir göstərən maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə;
4.0.9. narkoloji xidmətin və nəzarətin məqsədlərinin təmin edilməsi üçün dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin uzlaşdırılması.