Qanunvericilik › Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Narkoloji xidmətin və nəzarətin həyata keçirilməsinin ümumi şərtləri

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada insan psixikasına təsir göstərən maddələr, bu maddələrdən istifadə edilməsinin ailə və cəmiyyət üçün doğurduğu nəticələr barəsində ətraflı məlumat almaq hüququ vardır.

5.2. Dövlət narkoloji xəstəliklərin qarşısının alınması, belə xəstəliklərin erkən müəyyən və müalicə edilməsi, narkoloji xəstələrin səhhəti və psixoloji vəziyyəti üzərində tibbi nəzarətin həyata keçirilməsi və bu xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaradır.

5.3. Narkoloji xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət tərəfindən təminat verilir.

5.4. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. Narkoloji xəstələrin məcburi müalicəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yalnız məhkəmənin hökmü, qətnaməsi və ya digər yekun qərarı əsasında yol verilir.

5.6. Azərbaycan Respublikasının ərazisində narkoloji xidmət və nəzarət konfidensiallıq və anonimlik əsasında həyata keçirilir. Narkoloji xəstələrin qeydiyyatının aparılması zamanı xəstənin səhhətinin vəziyyəti haqqında məlumatların konfidensiallığı təmin edilməlidir. Hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir.

5.7. Hər bir narkoloji xəstənin səhhəti üzərində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş narkoloji xəstəliklərin müalicəsi üsullarına riayət etməklə, fərdi nəzarət tətbiq edilir. Narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır.

5.8. Narkoloji xəstəliklərin siyahısı və bu xəstəliklərin müalicə standartları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.9. Azərbaycan Respublikasının ərazisi üzrə narkoloji yardımın həyata keçirilməsinin təmin edilməsi, belə yardımı göstərən narkoloji tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Baş narkoloq təyin olunur. Baş narkoloqun vəzifələri və səlahiyyətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver