6.1. Narkoloji xəstələrin hüquqları, onların hüquqlarının məhdudlaşdırılması halları və qaydası bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.
6.2. Azərbaycan Respublikasının, qanunvericiliyi ilə müəyyən edilmiş hallar və tibbi yardımının göstərilməsi zərurətindən irəli gələn tələblər istisna olmaqla narkoloji xəstələrin hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
6.2-1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirlərinin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.
6.3. Azadlıqdan məhrum etmə növündə cəza çəkən, habelə həbsdə saxlanılma yerlərində saxlanılan narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.
6.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən, habelə həbsdə saxlanılma yerlərində saxlanılan və abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr digər şəxslərdən ayrılıqda saxlanılır.
6.5. Narkoloji yardımının göstərilməsi zamanı yetkinlik yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və ətrafdakı şəxslərin səhhəti və həyatı üçün təhlükə yaradan narkoloji xəstələr digər xəstələrdən ayrılıqda yerləşdirilir.
6.6. Narkoloji tibb müəssisələrində tətbiq edilən təhlükəsizlik tədbirləri həmin müəssisələrdə işləyən şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə baş çəkən şəxslərin ləyaqətinə xələl gətirməməli və onların hüquqlarını məhdudlaşdırmamalıdır. Müalicə zamanı həkimlərin tövsiyələrinə əməl etməyərək insan psixikasına təsir göstərən maddələrin istifadəsini davam edən narkoloji xəstələr narkoloji tibb müəssisəsindən xaric oluna bilərlər.
6.7. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.