Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət orqanlarının vəzifələri

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və onların prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

7.1.1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının layihələrini tərtib edir;

7.1.2. bu Qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydasını müəyyən edir;

7.1.2-1. Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarını müəyyən edir;

7.1.3. narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən edir;

7.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi, habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması qaydasını müəyyən edir;

7.1.5. narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzini yaradır;

7.1.6. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankını təşkil edir, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasını müəyyən edir;

7.1.7. narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir;

7.1.8. qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını müəyyən edir;

7.1.9. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı, habelə narkomanlığın yayılması ilə mübarizə üzrə məqsədləri, vəzifələri və fəaliyyət istiqamətləri, o cümlədən tələb olunan maliyyə vəsaitləri və onların mənbələri göstərilməklə dövlət proqramının layihəsini hazırlayır.

7.2. Bu Qanunun 7.1.1-ci maddəsində göstərilən siyahılar Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver