Qanunvericilik › Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Daşıyıcının məsuliyyəti

Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Daşıyıcı sərnişinin təhlükəsizliyini, ona lazımi xidmət şəraitinin yaradılmasını, təhvil aldığı baqajın, yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.

2. Daşımaların yerinə yetirilməsi ilə əlaqədar öz vəzifələrini (öhdəliklərin) icra etmədikdə daşıyıcı bu Qanunla, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrlə, nizamnamələrlə və digər normativ hüquqi aktlarla, həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.

Qanunvericilikdə nəzərdə tutulmamış hallarda, daşıyıcının maddi məsuliyyətinin məhdudlaşdırılması və ya götürülməsi haqqında müştərilərlə əldə etdiyi razılaşmalar etibarsız hesab edilir.

3. Şəhər və şəhərətrafı daşımalar istisna olmaqla sərnişin daşımaları üzrə elan olunmuş reyslərin cədvəlində və ya müqavilədə müəyyən edilmiş reyslərin təxirə salınması və ya pozulması daşıyıcının təqsiri üzündən baş veribsə, o müvafiq normativ hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, habelə müqavilədə müəyyən edilmiş qaydada sərnişin qarşısında maddi məsuliyyət daşıyır.

Sərnişin daşımalarının pozulması qarşısıalınmaz qüvvənin təsiri nəticəsində, sərnişinlərin həyat və sağlamlığına təhlükə yaranması, yaxud daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyi sübut edilərsə, daşıyıcı maddi məsuliyyət daşımaqdan azad olunur.

4. Nəqliyyat vasitəsinin yola düşməsi ləngidildiyinə görə sərnişin daşımadan imtina edərsə, daşıyıcı sərnişinin ödədiyi gediş haqqını ona tam həcmdə qaytarmalıdır.

5. Sərnişin daşımaları üzrə reyslərin 8 saat və ondan artıq müddətdə gecikdirilməsi zamanı daşıyıcı öz hesabına sərnişinləri mehmanxanada yerlə və yeməklə təmin etməlidir.

6. Sərnişinin tələbi ilə daşımanın gecikdirilməsi, yaxud reysin dəyişdirilməsi barədə ona rəsmi sənəd verilir və ya biletdə müvafiq qeydiyyat aparılır.

7. Qanunvericilikdə və ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə daşıyıcının məsuliyyətinin başqa növləri də nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver