1. Nəqliyyat müəssisələri və daşıyıcılar sərnişinlərin həyat, səhhət və əmlakının təhlükəsizliyini, nəqliyyat vasitələrinin hərəkətlərinin təhlükəsizliyini, həmçinin ətraf mühitin mühafizəsini təmin etməyə borcludurlar.
2. Nəqliyyat vasitələri, yollar, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələr (işlər, xidmətlər) dövlət standartları ilə müəyyən edilmiş insanın həyatı, səhhəti və əmlakının təhlükəsizliyinə, əməyin mühafizəsinə və ekoloji təhlükəsizliyə dair məcburi tələblərə uyğun olmalıdırlar.
3. Partlayıcı və pirotexniki materialları, tezalışan, radioaktiv, zəhərli və digər təhlükəli yükləri göndərən və alan müştərilər onların daşınma təhlükəsizliyinə zəmanət verməli, yüklərin daşınması zamanı baş vermiş qəza hadisəsi barədə xəbərdarlıq etmək, həmçinin qəzanın nəticələrini ləğv etmək üçün lazımi vasitələrə və işçi qüvvəyə malik olmalıdırlar. Təhlükəli yüklərin daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4. Üzərində nəqliyyat vasitələrinin hərəkəti və yükləmə-boşaltma işləri həyata keçirilən nəqliyyat obyektləri (stansiya, dəniz limanı, avtovağzal, hava limanı, avtonəqliyyat terminalı, su yolları və dəmir yol xətləri) ərazilərinin hissələri yüksək təhlükəli zonalar sayılır. Belə zonalarda kənar şəxslərin olması qadağandır. Yüksək təhlükəli zonada olmanın və orada işlərin aparılmasının qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən atmosfer havasının, torpaqların, suyun, bitki və heyvanlar aləminin çirklənmədən qorunmasını, təbii ehtiyatların səmərəli istifadəsini və istehsalını təmin edən ekoloji norma və qaydalara əməl olunmalıdır.
Xarici ölkələrdə radioaktiv və toksik tullantıların saxlanmaq və basdırılmaq üçün ölkə ərazisinə daşınması və ölkə ərazisindən tranzit yolu ilə aparılması qadağandır.
6. Faydalı qazıntıların olduğu meydançalarda nəqliyyat müəssisələrinin layihələndirilməsi və tikintisi, eləcə də yeraltı qurğuların yerləşdirilməsi qadağandır. Müstəsna hallarda, buna müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir.
7. Nəqliyyat müəssisələri (daşıyıcılar) ətraf mühitin, hava hövzəsinin, su anbarlarının, torpaqların mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üzrə lazımi tədbirləri həyata keçirməyə borcludurlar. Ətraf mühitə vurulmuş ziyana görə nəqliyyat müəssisələri (daşıyıcılar) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.