Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır.
Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir.
Notarius müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyən edilən, Dövlət gerbinin təsviri əks olunmuş blanklardan istifadə etməlidir.
Notariusun elektron imzası olmalıdır.
Xüsusi notariusun möhürü, ştampları, blankları, o cümlədən etibarnamə və müqavilə blankları, habelə elektron imzası onun müvəqqəti olmadığı dövrdə yalnız onu əvəz edən köməkçiyə verilə bilər.
Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notariusun möhürü və elektron imza sertifikatı bu Qanunun 25-1-ci maddəsinin ikinci hissəsində göstərilən hal istisna olmaqla, saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir.
Korlanmış, qüvvədən düşmüş, yaxud istifadə olunmayan möhür, ştamp və blanklar müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhv edilir.