Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir;
14) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən notariuslara həvalə edilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.