Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Xüsusi notariusun təyin olunması və qeydiyyatı

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Notariat fəaliyyətinin həyata keçirilməsi üçün şəhadətnamə almış və icbari sığorta müqaviləsini bağlamış şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius təyin edilir və ona qeydiyyat vəsiqəsi verilir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusun qeydiyyat vəsiqəsini şəhadətnaməyə malik olan şəxsdən müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi və icbari sığorta müqaviləsinin surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir.

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun etibarlılıq müddəti göstərilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq məlumat verməlidir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər.

Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra 1 ay ərzində üzrlü səbəb olmadan və bu müddətin sonuncu günü müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan 10 gün ərzində göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirilməsinə başlamazsa, onun şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver