Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.
Yuxarıda göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən şəxs notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə (bundan sonra - şəhadətnamə) almalıdır.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.
Notarius işlədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.
Dövlət notariusuna “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.
Notarius Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Notariusun etik davranış kodeksinin tələblərinə və müvafiq icra hakimiyyəti orqanının metodiki tövsiyələrinə riayət etməlidir.