Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəxs müraciət etdikdən sonra 1 ay müddətində onun bu qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırmalı və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim etməlidir.
Şəxsin müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir.
Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə (bundan sonra – icbari təlim) cəlb olunurlar.
Müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və bu Qanunun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.
İmtahanının və müsahibələrin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.