Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır.
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.
Notariat hərəkətinin təxirə salınması və ya dayandırılması üçün başqa əsaslar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər.