Notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrı və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş verginin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatlarını real vaxt rejimində əldə etmək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla təsdiq edilməlidir. Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Müvafiq məlumat və sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.
Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edir.