Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Şəhadətnamənin ləğv edilməsi. Xüsusi notariusun fəaliyyətinə xitam verilməsi

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda notariusun şəhadətnaməsi ləğv edilir:

1) notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;

2) şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;

3) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

4) xüsusi notarius şəhadətnaməni aldıqdan sonra bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdən sonra notariat fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;

5) növbəti dəfə şəhadətnamə verilmədikdə;

6) notarius 65 yaşa çatdıqda;

7) qanunvericiliyin tələblərini dəfələrlə və kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda;

8) dövlət notariusu tutduğu vəzifədən azad edildikdə;

9) xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün əsas olmuş hallar aradan qalxmadıqda;

10) notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (tibbi rəyə əsasən);

11) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda, notarius tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə işləməyə qadir olmadıqda;

12) notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya notarius Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

13) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

14) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;

15) notarius vəfat etdikdə;

16) notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Şəhadətnaməsi ləğv edilmiş notariusun notariat fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilir.

Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun qeydiyyat vəsiqəsi ləğv edilir.

Xüsusi notariusun fəaliyyətinə xitam verildikdə, onun işlədiyi notariat ofisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər.

Fəaliyyətinə xitam verilmiş xüsusi notarius aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.

Notariat sənədləri dövlətə məxsusdur. Xüsusi notarius işləmiş şəxs notariat hərəkətləri barədə sənədlərin təhvil verilməməsinə görə inzibati məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver