İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra şəxs ona şəhadətnamə verilməsinə görə dövlət rüsumu ödəməlidir.
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir.
Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.
Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir.