1.0. Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü;
1.0.2. ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti;
1.0.3. ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri;
1.0.4. ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşa-yan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri;
1.0.5. təsərrüfat subyektləri - ovçuluq təsərrüfatlarının təşkilində və fəaliyyətində iştirak edən hüquqi və fiziki şəxslər;
1.0.6. ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs;
1.0.7. ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri;
1.0.8. həvəskar və idman ovu - ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü;
1.0.9. brakonyerlik - qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.