Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Ovçuluq təsərrüfatlarının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və çoxaldığı ərazilər ov yerləri kimi istifadə edilir.

21.2. Ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağandır.

21.3. Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerləri qanunvericiliklə müəyyən edilmiş qaydada azı 10 il müddətinə hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.

21.4.Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.5.Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları elmi və texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

21.6.Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını müvafiq icra hakimiyyəti orqanı idarə edir və həmin təsərrüfatlar hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilməz.

21.7.Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır.

21.8.Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, mühafizə rejimi və məqsədli təyinatı saxlanılır.

21.9. Bələdiyyələr mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə ovçuluq təsərrüfatları yarada bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver