Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21-1

Maddə 21-1. Fərdi ovçuluq təsərrüfatları

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21-1.1. Hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər.

21-1.2. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuluq turizmi ilə məşğul olanlar üçün müvafiq infrastrukturun yaradılmasını, dövlət ov fondunun səmərəli istifadəsini, habelə ov obyektlərinin qış mövsümündə yemlənməsini, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini təmin etməlidir.

21-1.3. Fərdi ovçuluq təsərrüfatlarında ərazinin bir hissəsi vəhşi heyvanların yetişdirilməsi və mühafizəsi məqsədləri üçün ayrılır. Həmin ərazilərdə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

21-1.4. Ovçularla və ya onların maraqlarını təmsil edən şəxslərlə bağlanılmış müqavilələr əsasında fərdi ovçuluq təsərrüfatlarında ovçular üçün ov təşkil edilə bilər. Fərdi ovçuluq təsərrüfatları tərəfindən ovçuların və onları müşayiət edən şəxslərin yerləşdirilməsi, qidalanması, daşınması və ovun təşkili ilə bağlı digər xidmətlər göstərilir.

21-1.5. Fərdi ovçuluq təsərrüfatlarında təşkil edilən ov zamanı ovçular həmin təsərrüfatın sərhədlərini tərk etməməlidir. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuların müvafiq sərhədləri keçərək ov etməsinin mümkünlüyünü istisna edən şəraitin yaradılmasını təmin etməlidir.

21-1.6. Dövlət təbiət qoruqlarından və milli parklardan 5 (beş) kilometrdən az məsafədə olan ərazidə fərdi ovçuluq təsərrüfatlarının təşkil edilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver