Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi sığorta, habelə müsabiqə əsasında dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, sığortaçıların nümayəndələri daxil olurlar.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə sığortaçılar ilə bağlanır.
Bu müqavilələrdə:
tibbi yardımın keyfiyyətinə tələblər;
tibbi yardımın həcmi;
tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;
tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.
Özəl tibb fəaliyyətinin subyektləri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-3.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyi, habelə həmin Qanunun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağladığı təqdirdə icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərə bilərlər.