1. Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən bu Qanunun müddəalarının pozulması ilə istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun pozulması sayılır.
2. Mülki mühakimə icraatının məqsədləri üçün patent sahibinin bu Qanunun 14-cü maddəsinin 2-ci hissəsində göstərilən hüquqlarının pozulması zamanı patentin predmeti məhsulun alınma üsulu olarsa, məhkəmə məhsulun alınması üçün istifadə edilən üsulun patentləşdirilmiş üsuldan fərqlənməsinə dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək patent sahibinin razılığı olmadan alınan istənilən məhsul patentləşmiş üsulla alınmış hesab edilir, əgər:
a) patentləşmiş üsulla alınan məhsul yeni olarsa;
b) bu məhsulun patentləşmiş üsulla alınması ehtimalı yüksəkdir və patent sahibi ağlabatan tədbir görməklə onun alınmasında hansı üsulun tətbiq edildiyini müəyyən edə bilmirsə.
3. Bu maddənin 2-ci hissəsinin birinci abzasında göstərilənlərin sübut edilməsi patent sahibinin hüquqlarının pozulmasında təqsirləndirilən şəxsin üzərinə o halda düşür ki, həmin hissənin “a” və ya “b” bəndlərində göstərilən şərtlər yerinə yetirilsin.
4. Əks dəlilləri təqdim edən cavabdehin istehsalat və kommersiya sirrinin qorunması sahəsində qanuni maraqları nəzərə alınır.