Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. İddia sənədi barəsində məlumatın dərci

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilkin ekspertizanın nəticəsi üzrə müsbət qərar qəbul etdikdə ixtira və faydalı model barəsində iddia sənədinin verildiyi tarixdən, ilkinlik istənildiyi halda isə ilkinlik tarixindən 18 ay keçən kimi sənaye nümunəsi barəsində iddia sənədinin verildiyi tarixdən isə 6 ay keçən kimi iddia sənədlərinə dair məlumatların özünün rəsmi bülletenində dərc edilməsini təmin edir. İddiaçının vəsatəti üzrə müəyyən edilmiş haqq ödənilməsi şərtilə iddia sənədinə dair məlumatlar yuxarıda göstərilən tarixdən tez də dərc edilə bilər.

2. İxtira, faydalı model və sənaye nümunəsi müəllifinin hüququ var ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi bülletenində həmin obyektin müəllifi kimi göstərilməməsini tələb etsin.

3. İxtira və faydalı model barəsində iddia sənədinə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və referat daxil olmalıdır.

Sənaye nümunəsi barəsində iddia sənədinə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və iddia sənədində verilmiş hər bir nümunənin şəkilləri daxil olmalıdır.

4. İddia sənədinə dair məlumat dərc olunduqdan sonra 7-ci maddənin 3-cü hissəsinin 1-ci abzası, 8-ci maddənin 3-cü hissəsinin 1-ci və 2-ci abzasları, 9-cu maddənin 3-cü hissəsinin 1-ci abzası üzrə iddia obyektinin yeniliyi üçün məsuliyyət iddiaçının üzərinə düşür.

5. İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan hər bir hüquqi və ya fiziki şəxsin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) iddia sənədinin materialları ilə tanış olmaq, habelə müvafiq ixtira, faydalı model və sənaye nümunəsinin təsvirini, çertyojlarını, rəsmlərini və fotoşəkillərini almaq hüququ vardır.

Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

6. Dərc üçün texniki hazırlıq başa çatana qədər iddia sənədi geri çağırılarsa və ya geri çağırılmış hesab edilərsə ona dair məlumatlar dərc olunmur.

6-1. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan müddət başa çatanadək ixtiralar, faydalı modellər və ya sənaye nümunələri müvafiq Dövlət reyestrində qeydə alındığı halda ixtira, faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədinin dərci patentin dərci ilə eyni vaxtda həyata keçirilir.

7. İxtira, faydalı model və ya sənaye nümunəsi obyekti dövlətin milli təhlükəsizliyi mənafelərinə aid olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü ilə iddia sənədinə dair məlumatın dərcini bu barədə qərarın çıxarıldığı tarixdən etibarən 4 aya qədər dayandırmaq hüququna malikdir. Bu müddət keçdikdən sonra həmin qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmədikdə və müddəti uzadılmadıqda qüvvədən düşür.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatın dərcini, ixtiranın, faydalı modelin və ya sənaye nümunəsinin açıq istifadəsini, yaxud iddia sənədi və ya patent obyektinin istifadəsini qadağan etdikdə iddiaçı və ya patent sahibi həmin orqandan müvafiq kompensasiya ödənilməsini tələb edə bilər. Müvafiq kompensasiya məlumatın dərcini və ixtiranın, faydalı modelin və ya sənaye nümunəsinin istifadəsinin qadağan olunduğu ilk 12 aylıq müddət uzadıldıqda tələb edilə bilər. Bu halda yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

8. İddia sənədi materiallarının dərc olunduğu tarixdən patentin verildiyi tarixə kimi hər bir ixtira, faydalı model və ya sənaye nümunəsinə müvəqqəti hüquqi mühafizə verilir.

Müvəqqəti mühafizə hüququ verilən ixtiradan, faydalı modeldən və sənaye nümunəsindən istifadə edən hüquqi və ya fiziki şəxslər patent alındıqdan sonra patent sahibinə kompensasiya ödəməlidirlər. Kompensasiyanın həcmi və ödəmə qaydası tərəflər arasında razılaşma ilə müəyyən edilir.

Geri çağırılmış və ya geri çağırılmış hesab edilən, yaxud patent verilməsindən imtina qərarı qəbul edilən və həmin qərardan etiraz verilməsi üçün müəyyən edilmiş müddətin keçdiyi ixtiraya, faydalı modelə və sənaye nümunəsinə dair iddia sənədi müvəqqəti mühafizə hüququ verilməmiş hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver