1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin ekspertizasının (ilkin ekspertiza daxil olmaqla) həyata keçirilməsi üçün müəyyən edilmiş haqqın ödənildiyi tarixdən etibarən 1 ay ərzində bu Qanunun 27-ci maddəsinin 3-cü və 4-cü hissələrinin tələblərinə, eləcə də bu Qanunun 27-1-ci maddəsinə uyğun ilkin ekspertizasının aparılmasını təmin edir. Ekspertizanın aparılması üçün müəyyən edilmiş haqqın ödənişi iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 1 aydan gec olmayaraq həyata keçirilməlidir. İlkin ekspertiza zamanı tələb olunan sənədlərin mövcudluğu və düzgün tərtib olunması onların iddia sənədinin verilmə tarixinin müəyyən edilməsinə dair tələblərə uyğun olaraq yoxlanılır. Göstərilən sənədlər bu Qanunun 27-1-ci maddəsinin 3-cü hissəsinə və bu maddənin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində təqdim edilmədiyi halda iddiaçıya ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədini baxılmağa qəbul edilməkdən imtina haqqında bildiriş göndərilir.
2. Bu Qanunun 27-ci maddəsinin 3-cü, 4-cü və 6-cı hissələrinin tələblərinə uyğun tərtib olunmamış iddia sənədi barəsində iddiaçıya sorğu göndərilir. İddiaçı sorğunu aldığı gündən 2 ay ərzində düzəliş aparılmış və ya çatışmayan sənədləri (materialları) təqdim etməlidir.
İddiaçı tələb olunan materialları və ya müddətin uzadılması barədə vəsatəti müəyyənləşdirilmiş müddətdə təqdim etməzsə, iddia sənədi verilməmiş sayılır.
İddia sənədi bu Qanunun 27-1-ci maddəsinin bir və ya bir neçə tələbinə cavab vermədiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddiaçıya həmin maddədə nəzərdə tutulan müddətlərdə bu tələbləri yerinə yetirmək imkanı verir.
3. İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədi bu maddənin 1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verdiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onun aşağıdakılara uyğunluğu baxımından ekspertizasını keçirir:
ixtiralar üçün –– bu Qanunun 3.3-cü və 3.4-cü maddələrinin, 7-ci maddəsinin 1-ci, 6-cı, 7-ci, 8-ci hissələrinin tələblərinə;
faydalı model üçün –– bu Qanunun 3.3-cü və 3.4-cü maddələrinin, 8-ci maddəsinin 1-ci, 5-ci, 6-cı hissələrinin tələblərinə;
sənaye nümunəsi üçün –– bu Qanunun 3.3-cü və 3.4-cü maddələrinin, 9-cu maddəsinin 1-ci, 5-ci və 6-cı hissələrinin tələblərinə.
ixtira, faydalı model və sənaye nümunələrinin yeniliyi baxımından iddia sənədlərinin ekspertizası bu Qanunun 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına və 4-cü hissəsinə, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasına, 9-cu maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq və Azərbaycan Respublikası ərazisində qüvvədə olan mühafizə sənədləri üzrə aparılır.
İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğunluğu ekspertiza nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi bülletenində dərc olunması barədə qərar qəbul edilir və iddiaçı müəyyən edilmiş haqqı ödədikdən sonra bu Qanunun 30-cu maddəsinə uyğun olaraq iddia sənədi üzrə materiallar dərc olunur.
4. İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğun olmadığı ekspertiza nəticəsində müəyyənləşdirildikdə patent verilməsindən imtina barəsində qərar qəbul edilir.
5. İxtira və ya faydalı model barəsində bir neçə iddia obyektindən ibarət olan və ixtira və ya faydalı modelin vəhdət tələblərini təmin etməyən iddia sənədi verildikdə iddiaçıya təklif edilir ki, müvafiq bildirişi aldığı gündən 2 ay müddətində bu iddia obyektlərindən hansı birinə baxılmalı olduğunu bildirsin.
İddiaçı göstərilən müddətdə ixtiranın və ya faydalı modelin vəhdətinin pozulması barədə bildirişə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtiranın və faydalı modelin düsturunda birinci göstərilən obyektə və ixtiranın və ya faydalı modelin vəhdət tələbi ilə əlaqələnən digər obyektlərinə baxır. Sənaye nümunəsi barəsində iddia sənədi birdən çox sənaye nümunəsinə aid olduğu halda və bu Qanunun 27-ci maddəsinin 4-cü hissəsinin tələbinin pozulması ilə verildikdə iddiaçıya təklif edilir ki, ona müvafiq bildirişin göndərildiyi tarixdən 2 ay müddətində tətbiq olunan tələblərə cavab verməyən sənaye nümunələrinin çıxarılması yolu ilə iddia sənədi materiallarında düzəlişlər etsin.
İxtira, faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədində göstərilən digər obyektlər ayrılmış iddia sənədi kimi müstəqil şəkildə verilə bilər.
Ayrılmış iddia sənədi üzrə ixtira və ya faydalı model üçün iddia obyekti əvvəl verilmiş iddia sənədinin məzmunundan kənara çıxmamalı və onun tərkib hissəsi kimi iddiaçı tərəfindən dəqiq səciyyələndirilməlidir. Ayrılmış iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ixtira üçün əvvəlki iddia sənədinin verildiyi tarixdən 12 ay keçənədək, faydalı model üçün isə əvvəlki iddia sənədinin verildiyi tarixdən 6 ay keçənədək təqdim edilməlidir.
Ayrılmış iddia sənədinin obyekti əvvəlki iddia sənədinin məzmunundan kənara çıxdıqda iddia sənədinin son redaksiyasının verildiyi tarix ayrılmış iddia sənədinin verilməsi tarixi sayılır.
6. Patentin verilməsindən imtina qərarı barəsində iddiaçı həmin qərarı aldığı gündən 2 ay ərzində müvafiq dövlət rüsumu ödəməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etirazla müraciət edə bilər.
7. İddiaçı Apellyasiya şurasının qərarına dair bütün materiallarla tanış ola bilər.
8. İddiaçının ixtiyarı var ki, patent qeydə alınana qədər iddia sənədini geri çağırsın.
9. İxtiraya patent verilməsi haqqında qərarın qəbul edildiyi tarixə qədər, patent verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə belə qərara qarşı etirazın verilmə müddəti bitənədək iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vəsatət verməklə, ixtira barəsində iddia sənədini faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədinə çevirə bilər.
Faydalı model barəsində iddia sənədinin ixtira və ya sənaye nümunəsi barəsində iddia sənədinə çevrilməsi faydalı modelə patent verilməsi haqqında qərarın qəbul edildiyi tarixədək, patent verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə belə qərara qarşı etirazın verilmə müddəti bitənədək mümkündür.
Göstərilən hallarda əvvəlki iddia sənədi üzrə ilkinlik saxlanılır.
10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira və faydalı model barədə iddia sənədinin daxil olduğu tarixdən 12 ay, sənaye nümunəsi barədə iddia sənədinin daxil olduğu tarixdən isə 3 ay ərzində iddiaçının və ya digər maraqlı şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışı aparır.
İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması üçün iddiaçı və ya digər maraqlı şəxs müəyyən edilmiş haqqın ödənilməsi şərtilə ixtira və faydalı model barədə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 18 ay və sənaye nümunəsi barədə iddia sənədinin daxil olduğu tarixdən 12 ay ərzində vəsatətlə müraciət edə bilər. İddia sənədinin mahiyyətcə ekspertizası iddia sənədi üzrə ilkin ekspertiza başa çatdıqdan və mahiyyətcə ekspertizanın aparılması barədə iddiaçı və ya digər maraqlı şəxs tərəfindən vəsatət daxil olduqdan sonra 2 ay ərzində aparılır. Bu müddətə bu maddənin 2-ci hissəsində nəzərdə tutulan düzəliş aparılmış sənədlərin təqdim edildiyi müddət, habelə iddiaçının vəsatəti əsasında onun uzadılma müddəti daxil deyildir.
Mahiyyətcə ekspertizanın aparılması haqqında vəsatət digər maraqlı şəxslər tərəfindən daxil olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə iddiaçını 5 iş günü müddətində məlumatlandırır.
Bu maddənin 3-cü hissəsində göstərilən tələblər gözlənilməklə ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin mahiyyətcə ekspertizası müsbət nəticə ilə başa çatdıqdan sonra 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) patent verilməsi haqqında qərar qəbul edir.
Mahiyyətcə ekspertiza məqsədilə məlumat axtarışının və ixtira, faydalı model və ya sənaye nümunəsi barədə iddia sənədi üzrə mahiyyətcə ekspertizanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.