1. İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər ixtira obyektləri sayılır.
2. Yeni, ixtira səviyyəli olan və sənayedə tətbiq edilə bilən ixtira obyektinə hüquqi mühafizə verilir.
3. Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. Mövcud bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin ilkinlik tarixinə kimi dünyada hamıya müyəssər olan məlumatlar aid edilir.
İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olan və geri çağırılmayan ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədləri, Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi də aid edilir.
4. Yeniliyi yalnız onların tətbiqində təzahür edən ixtiralara bu maddənin 3-cü hissəsi tətbiq edilmir, ancaq bu şərtlə ki, tətbiq özü mövcud bilgilərdən irəli gəlməsin.
5. İxtira barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.
6. İxtira, həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə, ixtira səviyyəsinə malik hesab edilir.
7. İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır.
8. Aşağıdakılar ixtira sayılmır:
kəşflər;
elmi nəzəriyyələr;
riyazi metodlar;
bədii konstruktorluq işinin nəticəsi (dizayn);
təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;
oyunların qaydaları və metodları;
kompüter alqoritmləri və proqramları;
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar;
qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;
mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);
inteqral mikrosxemlərin topologiyası;
insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları;
ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla).