1. Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər.
2. Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir.
3. Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni hesab edilir.
Faydalı modelə dair mövcud bilgilər məcmusuna faydalı modelin ilkinlik tarixinə qədər dünyada hamı üçün müyəssər olan istənilən məlumatlar daxildir.
Mövcud bilgilər məcmusuna həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daha əvvəl ilkinlik tarixi ilə daxil olan və geri çağırılmayan ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədləri və Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi də aid edilir.
4. Faydalı model barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.
5. Faydalı model sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, sənayedə tətbiq oluna bilən sayılır.
6. Aşağıdakılar faydalı model sayılmır:
məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər;
inteqral sxemlərin topologiyası;
ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan faydalı modellər istisna olmaqla).