Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Peşə təhsili müəssisəsinin idarə olunması

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

16.2. Dövlət peşə təhsili müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təyin etdiyi şəxs rəhbərlik edir.

16.3. Bələdiyyə və özəl peşə təhsili müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.

16.4. Peşə təhsili müəssisəsi rəhbərinin səlahiyyətləri peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

16.5. Peşə təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və qəyyumlar şuraları, valideynlər şurası və s.) yaradıla bilər.

16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

16.7. Dövlət peşə təhsili müəssisəsinin pedaqoji şurası haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

16.8. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

16.9. Peşə təhsili müəssisəsinə qəbul əmək bazarında real tələblərə uyğun formalaşdırılır.

16.10. Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver