Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Peşə təhsili sahəsində təhsilalanların hüquqları və vəzifələri

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

18.2. Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:

18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

18.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;

18.2.3. şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq;

18.2.4. təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq pozuntuları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

18.2.5-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

18.2.6. bu Qanuna uyğun olaraq, iaşə xidməti ilə təmin edilmək;

18.2.7. dövlət vəsaiti hesabına yalnız bir dəfə pulsuz təhsil almaq;

18.2.8. yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək;

18.2.9. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

18.2.10. təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də müasir biliklərə, tədris və pedaqoji bacarıqlara malik olmaq məqsədilə təhsil sahəsində ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

18.2.11. konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə, proqram və layihələrdə və təhsillə bağlı inkişafyönlü digər tədbirlərdə iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

18.2.12. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18.3. Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:

18.3.1. dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək;

18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis-pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək;

18.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

18.3.6. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver