19.1. Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
19.1.1. normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, həmçinin müasir standartlara cavab verən təlim texnologiyaları ilə təmin olunmaq;
19.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, səmərəli təkliflər irəli sürmək;
19.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
19.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
19.1.5. tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının artırılması, peşəkarlıq səviyyələrinin davamlı yüksəldilməsi məqsədilə staj keçmək, ixtisas dərəcəsini yüksəltmək və ya yeni ixtisas əldə etmək;
19.1.6. mükafatlandırılmaq və təltif olunmaq;
19.1.7. təhsil müəssisəsində vəzifə tutmaq və uyğun gəldikdə, seçkili vəzifələrə öz namizədliyini irəli sürmək, seçmək və seçilmək;
19.1.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
19.2. Peşə təhsili sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
19.2.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
19.2.2. ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə təkmilləşmə kurslarından və attestasiyadan (sertifikatlaşdırılmadan) keçmək;
19.2.3. dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək;
19.2.4. peşə təhsili müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;
19.2.5. təhsilalanlara vətənə, ana dilinə, adət-ənənələrə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə qarşı hörmət hissləri aşılamaq, onları azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
19.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
19.2.7. təhsilalanların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
19.2.8. tədris və tərbiyə prosesinin aparılmasına cavabdehlik daşımaq, qiymətləndirməni həyata keçirmək və innovasiyalara meyilli olmaq;
19.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.